I Keyqubad
I Keyqubad və ya Ədalətli Keyqubad– Şirvanşahlar dövlətinin otuz birinci hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu.
XIV əsrin əvvəllərində Olcaytunun oğlu Məhəmməd Əbu Səidin (1316-1335-ci illər) zamanında Elxanilər dövlətinin tənəzzülü ilə bağlı Şirvanşahların hakimiyyəti güclənir. Şirvanın şəhərlərində təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə Qızıl Orda xanı Özbək, sonra isə Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı hərbi əməliyyatlar nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi.
Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti, faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri aparırdılar. Belə ki, az vaxt ərzində Elxanilər taxtında Cənubi Azərbaycanda hakimiyyətlərini möhkəmləndirən, öz aralarında rəqabət aparan Çobani və Cəlairi əmirlərinin iş başına gətirdikləri Musa, Məhəmməd, Toğa Teymur, Cahan Teymur, Satibəy xatun, Süleyman və sonuncu elxan Ənuşirəvan kimi qısamüddətli hökmdarlar bir-birini əvəz etmişdi.
Elxanilər monqol dövlətinin dağılmağa başladığı bu dövrdə Azərbaycanın şimal vilayətləri, o cümlədən Şirvanın şəhərləri bir müddət yadelli işğalçıların əsarətindən azad olaraq dirçəlməyə başlayır, siyasi qüvvə əldə edirlər. XIV əsr ərzində və bütövlükdə XV əsrdə Şirvanşahlar dövləti Elxanilərin hakimiyyətini formal şəkildə qəbul etsələr də, əslində, müstəqil idi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Bu vaxt Şirvanda Şirvanşahlar Keyqubad və sonralar onun oğlu Kavus hökmranlıq etmişlər.